EN

“Regionlardakı yaradıcı qadınlar...” layihəsinə yekun vurulub


2012-ci il dekabrın 15-də “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlardakı yaradıcı qadınlar: Qadınlar, ədəbiyyat və cəmiyyət layihəsinin genişləndirilməsi” layihəsinin yekunlarına həsr edilmiş təqdimat mərasimi keçirib.

İctimai Birliyin sədri Şəhla Nağıyeva bildirib ki, bu ilin aprel ayından start verilən layihə çərçivəsində respublikanın müxtəlif regionlarında - Gəncə, Quba və Xaşmazda yaşayan yazıçıların iştirakı ilə yaradıcı yazı üzrə seminarlar təşkil olunub, seminarlara Amerikadan olan şair, ABŞ-ın Ayova ştatındakı Lüter kollecində Amerika ədəbiyyatı və yaradıcı yazı üzrə müəllim işləyən Əlison Məndəvil rəhbərlik edib. Seminarlarda yaradıcı yazı üzrə müzakirələr aparılıb, qadınların yaradıcılığa həvəsləndirilməsi istiqamətində söhbətlər təşkil olunub, əsərlərin müzakirələrinə xüsusi diqqət yetirilib. Seminarın nəticəsi olaraq “Buta-II. Azərbaycanın regionlarında yaşayan qadın yazıçıların və Amerikalı şairin müasir nəsr və poeziya nümunələri toplusu” adlı kitab nəşr olunub. Kitabda təcrübəli qadın yazıçılarla yanaşı ilk qələm təcrübəsi olan yazıçıların şeir və hekayələri toplanıb, əsərlər ingilis dilinə tərcümə olunaraq Amerikalı şair Əlison Məndəvil tərəfindən redaktə edilib.

Çap olunan kitabların bir hissəsi ABŞ kitabxanalarına , bir hissəsi isə Azərbaycan kitabxanalarına, o cümlədən Azərbaycan Dillər Universitetinin kitabxanasına hədiyyə olunacaq.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun maliyyə dəstəyi ilə ötən il “Qadınlar, ədəbiyyat və cəmiyyət” layihəsini həyata keçirib, Bakıda yaşayan gənc yaradıcı qadınlarla təşkil olunan seminarlardan sonra “Buta” adlı ədəbiyyat toplusu nəşr etmişdi. Təqdimat mərasimində yazıçı Naringül Babayeva , Svetlana Turan və Elvira Emil çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Seminarların rəhbəri olmuş Əlison Məndəvil tədbirə Amerikadan “Skype” vasitəsilə qoşularaq mərasim iştirakçılarına Azərbaycan dilində müraciət edib, Azərbaycanlı qadın yazarlarla əməkdaşlıqdan zövq aldığını bildirib.