EN

“Sönməz Məşəl”in qadın yazarlar üçün seminar keçirib


İyunun 19-dan 22-dək Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksinin Amerika Mərkəzində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi qadın yazarlar üçün yaradıcı yazı üzrə seminarlar keçirib. Seminarlar İctimai Birliyinin Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun və Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadınlar, ədəbiyyat və cəmiyyət layihəsinin genişləndirilməsi: regionlardakı yaradıcı qadınlar” layihəsi çərçivəsində təşkil olunub.

Amerikalı şair, Pəsifik Lüteran Universitetinin müəllimi Əlison Məndəvilin rəhbərlik etdiyi seminarlarda Bakı və Gəncə şəhərlərində, eləcə də Quba, Xaçmaz və Siyəzən rayonlarında yaşayan gənc qadın yazarlar iştirak edib. Seminarın son günündə - iyunun 22-də qadın yazarların yaradıcılıqlarını əhatə edən bədii qiraət gecəsi təşkil olunub. Gecədə imzası kifayət qədər tanınan yazıçılar – Həyat Şəmi, Narıngül Babayeva, Rəbiqə Nazimqızı, Sevinc Mürvətqızı və başqaları ilə yanaşı gənc yazıçılar Aysel Kərimova, Xəyalə Sevil, Gülarə Abdullayeva, Günel Xəzər, Günel Hüseynzadə, Svetlana Turan və başqaları öz yaradıcılıq nümunələrini oxumuşlar.

Xatırladaq ki, layihənin məqsədi Azərbaycanda gender məsələlərinə ədəbi yanaşma və ədəbi mühitin inkişafına dəstək verməkdir. Seminarın rəhbəri Əlison Məndəvil Azərbaycanın qadın yazıçılarının yaradıcılıq potensialının böyük olduğunu bildirib, xüsusən ədəbiyyata təzə gələn qadınların müzakirələrdə fəal iştirakını yüksək qiymətləndirib. “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva seminarın ədəbi mühitin inkişafına dəstək verdiyini, xüsusən regionlarda yaşayan qadın yazarların peşəkarlığının artırılmasına xidmət etdiyini bildirib, bu işdə Əlison Məndəvilin xüsusi əməyi olduğunu vurğulayıb. Layihənin növbəti mərhələsində seminar iştirakçılarının ayrı-ayrı əsərləri ingilis dilinə tərcümə olunacaq və qadın ədəbiyyatı antalogiyası kimi ayrıca kitab şəklində çap olunacaqdır.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun və Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi ilə ötən il də “Qadınlar, ədəbiyyat və cəmiyyət” layihəsini həyata keçirmiş və layihənin nəticəsi kimi “Buta” ədəbiyyat toplusu nəşr etdirmişdi.

Birləşmiş Ştatlarda Azərbaycan və ABŞ rəssamlarının Qarabağ mövzusunda əsərlərindən ibarət sərgi keçirilib

Bakı, 22 iyun (AzərTAc). ABŞ-ın Virciniya ştatının aparıcı ali təhsil ocaqlarından olan Corc Meyson Universitetinin İncəsənət Məktəbində Azərbaycan və Amerika rəssamlarının əsərlərindən ibarət “Dünyanı birlikdə rəngləyək” adlı sərgi açılmışdır. Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, sərgi “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri” adlı layihə çərçivəsində reallaşmışdır. Layihəni Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dillər Universiteti maliyyələşdirmişdir.

İyunun 6-dan 22-dək keçirilən sərgidə Azərbaycanın gənc rəssamları Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlının yağlı boya və qrafika üslubunda işlədiyi rəsmlər, həvəskar rəssam Yeganə Vəliyevanın, eləcə də ABŞ-da yaşayan Azərbaycan əsilli gənc rəssam Leyla Rzayevanın əsərləri nümayiş olunur. Corc Meyson Universitetinin İncəsənət Qalereyasının direktoru Uolter Kravits mərasimdə çıxış edərək layihəni yüksək qiymətləndirmişdir.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin professoru Şəhla Nağıyeva bildirmişdir ki, bizim rəssamlar rəsm əsərlərinin rənglərin dili ilə qloballaşan dünyamızda dostluq, sevgi, sülh şəraitində yaşamağa, hər cür münaqişələrə yox deməyə çağırır.

Sərgilənən əsərlərin əksəriyyəti Qarabağa aiddir. “Xarı bülbül”, “Şuşa məscidi”, “Qarabağ atları”, “Xocalı faciəsi” və s. rəsmlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tariximizdə və mədəniyyətimizdə buraxdığı silinməz izdən xəbər verir. Sərginin açılış mərasimində ingilis dilində “Azərbaycana xoş gəlmisiniz” adlı sənədli film nümayiş olunmuş, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən göndərilən Azərbaycanın tarixinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına dair kitablar Corc Meyson Universitetinin kitabxanasına təqdim edilmişdir.

Layihənin ABŞ-dakı tərəfdaşları olan Corc Meyson Universiteti və Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu iki aya yaxındır ki, sərginin təşkili, informasiya dəstəyi və keçirilməsi üçün hazırlıq işləri aparırlar. Sərgi ABŞ-ın mətbuatında geniş işıqlandırılmış və ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdır.

«Sönməz Məşəl» MƏİB Amerikada sərgi keçirəcək

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Dillər Universitetinin maliyyə dəstəyi ilə “Dünyamızı birlikdə rəngləyək: Azərbaycanın Dağlıq Qarabağ rəngləri” adlı layihəsini həyata keçirir. Layihə çərçivəsində iyunun 5-dən 22-nə qədər ABŞ-ın Corc Meyson Universitetində Azərbaycan və Amerika gənc qadın rəssamlarının sərgisi təşkil olunacaq.

Layihənin məqsədi qadın rəssamlar arasında yeni dialoqa çağırış, yaradıcı qadınların sülhə və optimist gələcəyə can atmaq istəyini nümayiş etdirmək, Azərbaycanın Dağlıq Qarabağ rənglərini göstərməkdir. Sərgidə Azərbaycan tərəfdən gənc rəssamlar Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlının əsərləri nümayiş olunacaq, Şuşa həsrəti, Xocalı faciəsi motivləri üstünlük təşkil edəcək.

Sərgidə Amerika rəssamlarını Corc Meyson Universitetinin tələbələri təmsil edəcək. Layihənin rəhbəri, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva əməkdaşımıza bildirib ki, layihənin iştirakçıları iyunun 3-də Amerika Birləşmiş Ştatlarına yola düşəcək.

Layihənin ABŞ-dakı tərəfdaşları olan Corc Meyson Universiteti və Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondu iki aya yaxındır ki, sərginin təşkili, informasiya dəstəyi və keçirilməsi üçün müxtəlif hazırlıq işləri görür.