SohnmezMashal.com
EN

Yaradıcı qadınların seminarı yekunlaşdı


Azərbaycanın qadın rəssam və yazarlarının “Sevimli bala” MMC-nin 28 May küçəsində yerləşən “Talent studio”sunda təşkil olunan dörd günlük seminarları başa çatıb.

Koordinat.az xəbər verir ki, seminarlar “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçirdiyi “Qadınlar yaradır: Azərbaycanda gender bərabərliyi və qadınların uğurlarına dair yaradıcı söhbətlər” layihəsi çərçivəsində reallaşıb.

UNESCO-nun “Üzv dövlətlərin 2016-2017-ci illər üzrə İştirak Proqramı” (“Programme of Participation in the activities of Member States for 2016-2017”) çərçivəsində və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının köməyi ilə həyata keçirilən seminarlarda yaradıcı qadın yazarlar və rəssamlar bir araya gələrək müxtəlif mövzularda müzakirələr aparıblar. Növbəti seminarlar zamanı müasir Azərbaycan qadınının iş yerlərində, ictimai fəaliyyət sahəsində qazandığı uğurlar, eləcə də cəmiyyət qarşısındakı öhdəlikləri barədə müzakirələr aparılacaq, hər kəs bu mövzuya öz yaradıcı baxışını yeni əsərində əks etdirəcək.

Layihənin məqsədi rəssam və yazıçıların eyni mövzuya müxtəlif baxışlarını əks etdirmək, bədii nümunələri oxuyub həmin mövzuda rəsm əsəri yaratmaq, bütövlükdə qadınların yaradıcı potensialını daha da inkişaf etdirmək olub.

Otuzdan çox yazıçı və rəssamın iştirak etdiyi seminarlara ABŞ-ın Kaliforniya Dövlət Universitetinin müəllimi, şair-tərcüməçi Əlison Məndəvil və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva rəhbərlik edib.

Seminarlar zamanı “Bərabərliyin imici”, “Mən o qadınam ki…”, “Problemli qadın bədii ədəbiyyatda” və s. mövzularda müzakirələr aparılıb, müxtəlif esse, hekayə və şeirlər yazılıb, bu əsərlərə rəsmlər çəkilib. Seminar ərzində 60-dan çox bədii nümunə - şeir, hekayə, esse və müxtəlif üslubda rəsm əsərləri yaradılıb.

Bütün bu əsərlərin hamısının baş qəhrəmanı qadındır. Müasir qadın, yaradıcı qadın, problemli qadın, xoşbəxt qadın və s.

İlin sonunda yekinlaşcaq layihə çərçivəsində həmin əsərlərdən ibarət kitab-albomun nəşri, rəsm sərgisi və bədii qiraət gecəsinin keçirilməsi nəzərdə tutulur.

Kaliforniya Dövlət Universitetinin müəllimi, şair-tərcüməçi Əlison Məndəvil seminarlara yekun vuraraq bildirib ki, biz gender bərabərliyi mövzusunda 15-dən 55 yaşadək olan qadın yazıçı və rəssamları bir araya gətirərək, onların bir-biri ilə sıx əməkdaşlığna nail olduq və bu əməkdaşlıq onların hər birinin yardıcılığını xeyli zənginləşdirdi.

Azərbaycanın istedadlı qadınlarının yaradıcı fəaliyyətinə dəstək verməkdə iştirakından qürur duyduğunu bildirən Amerikalı mütəxəssis deyib ki, “qadınların seminar ərzində yaratdığı 60-dan çox əsər fərdi, kollektiv və qlobal dəyişikliklərin gücünü əks etdirir.

Mən bu əsərləri ABŞ-da və qlobal miqyasda təbliğ etməyi, bölüşməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan ədəbiyyatının və incəsənətinin dünyada tanıdılması məqsədilə 2004-cü ildən bəri maraqlı mədəniyyət tədbirləri keçirir, dünyanın müxtəlif şəhərlərində qadın rəssamlarımızın əsərlərindən ibarət sərgilər təşkil edir.