SohnmezMashal.com
EN

Vaşinqtonda Xocalı soyqırımı qurbanlarına həsr edilən “Sülh laylayı” musiqili əsərinin premyerası olub


ABŞ Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyası, Vaşınqton Beynəlxalq Piano İncəsənət Şurası, Azərbaycan Dillər Universiteti və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Sülh laylayı” adlı musiqili əsərin premyerası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Vaşinqton şəhərinin mərkəzində yerləşən, ABŞ-ın beşinci Prezidenti olmuş Ceyms Monronun iqamətgahı olan və hazırda Vaşınqton İncəsənət Klubu kimi fəaliyyət göstərən məşhur məkanda baş tutub.

Musiqili əsər şair Yusif Savalanın müəllifi olduğu “Xocalı uşaqlarına laylay” adlı şeir əsasında amerikalı pianoçu və bəstəkar Haskell Smol, sopranoçu Lora Styuart, klarnetçi Şeril Hill və hekayətçi İrvinq Benavides tərəfindən hazırlanıb.

Tədbirdə rəsmi qonaqlar qismində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycan Dillər Universitetinin dosenti və eyni zamanda, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva və ABŞ Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının proqram rəhbəri Şila Svitzer iştirak ediblər.

Səfir Elin Süleymanov tədbirdə çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Xocalıda qətliamın törədilməsi və erməni işğalçılarının dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən danışıb, bu faciənin xalqımızın yaddaşında ağır iz buraxdığını bildirib. O, Xocalı qətliamının Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti kontekstində törədildiyini qeyd edib.

Səfir 1990-cı illərin əvvəllərində dünya tarixində qara bir səhifə kimi tanınan və keçmiş Yuqoslaviyada Srebrenitsa qətliamını törədən cinayətkarların Beynəlxalq Məhkəmə qarşısında törətdikləri əməllərə görə məsuliyyətə cəlb edilmələrinin ədalətin bərpa olunması istiqamətində atılan vacib addımlardan biri olduğunu vurğulayıb və analoji addımların bir gün Xocalı qətliamını törədən cinayətkarlara münasibətdə də atılacağına əmin olduğunu bildirib. O, Xocalı cinayətinə görə ədalətin təmin edilməsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacib olduğunu və regionda sülhün bərqərar olunmasına töhfə verəcəyini qeyd edib.

Azərbaycan Dillər Universitetinin dosenti və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva qeyd olunan musiqili əsərin Xocalı qətliamı qurbanları olan uşaqların xatirəsinə həsr edildiyini və əsərin dünyada sülh və əmin-amanlığın bərqərar edilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Daha sonra “Sülh laylayı” adlı musiqili əsər təbir iştirakçılarına təqdim edilib. Musiqili əsər dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, təbirdən bir gün öncə Vaşınqton Beynəlxalq Piano İncəsənət Şurasının nümayəndələri Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin anım tədbirində də iştirak ediblər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton