EN

Qadın şairlərin poeziya antologiyası ingilis dilində nəşr edilib


“Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabı ingilis dilində nəşr edilib. Kitaba Azərbaycan klassik şairlərinin əsərləri, XIX əsrin ikinci yarısında Bakıda başlanan neft “bumu”ndan sonra 1920-ci illərə qədər olan dövrdə yaranan poeziya nümunələri, eləcə də sovet dövründə yaşayıb yaratmış qadın şairlərin seçilmiş şeirləri toplanıb. Antaologiya UNESCO-nun dəstəyi ilə “Sönməz Məşəl” Mədəni Əlaqələr İctiamai Birliyi tərəfindən hazırlanıb. Poeziya nümunələrini ingilis dilinə Azərbaycanlı tərcüməçilər çevirib, sonra tərcümələr Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva və ABŞ-ın Kaliforniya Dövlət Universitetinin müəllimi Əlison Məndəvil tərəfindən redaktə edilib. Layihə üçün çəkilmiş rəngli illüstrasiyalarla təqdim olunan kitabda şeirlərin orijinalı ingilis dilinə tərcümə ilə yanaşı yerləşdirilib. Layihənin reallaşmasında xüsusi əməyi olan UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva kitaba “Mənəvi ucalıq” adlı ön söz yazıb, layihənin əhəmiyyətini, eləcə də Azərbaycan-UNESCO əməkdaşlığının yüksələn xətlə inkişafını xüsusi vurğulayıb. Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində antologiyanın tədimat mərasimi keçirilib.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, layihənin məqsədi müxtəlif əsrlərdə yaşamış Azərbaycan qadınlarının yaradıcı potensialını göstərmək, onların azadlıq eşqi, humanizm prinsipləri, mübariz əhvalı barədə ingilisdilli oxucuda təsəvvür yaratmaqdır. UNESCO üzrə Azərbaycan Milli Komissiyasının əməkdaşı Mustafa Şabanov UNESCO-Azərbaycan əlaqələrindən, bu beynəlxalq təşkilatın dəstəyi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Layihənin məsləhətçisi, şair-tərcüməçi Səlim Babullaoğlu ingilis dilində mükəmməl bir ədəbiyyat toplusunun nəşr edildiyindən məmnun qaldığını bildirib, layihənin reallaşmasında əməyi olan hər kəsə minnətdarlıq edib. Ombudsman Aparatının İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, yazıçı-jurnalist Zemfira Məhərrəmli “Sönməz Məşəl” İctimai Birliyinin qadın yaradıcılığına xüsusi diqqət yetirməsini təqdirlayiq hal saydığını bildirib, yaradıcı qadınlarımızın tanıdılması istiqamətində uğurlu addım olan layihənin əhəmiyyətini xüsusi vurğulayıb. Kitabda şeirləri çap olunan şairlərdən Firuzə Məmmədli və Səmayə Əlyeva antologiyanın əhəmiyyətindən danışıb, bu xeyirxah işə dəstək olanlara təşəkkür ediblər. Kitabın Amerikalı redaktoru, Kaliforniya Dövlət Universitetinin müəllimi, şair- tərcüməçi Əlison Məndəvil tədbirə Skyp vasitəsilə qoşulub, layihə üzərində işdən danışıb, kitabın Amerikada da nəşri üçün danışıqlar apardığını bildirib.

Kitabın elektron versiyası “Sönməz Məşəl” Mədəni Əlaqələr İctiamai Birliyinin www.translit.az saytına yerləşdirilib. Məlumat üçün bildirək ki, bu, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctiamai Birliyinin UNESCO ilə reallaşdırdığı ikinci layihədir. Təşkilat 2008-ci ildə “Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının yaradılması” adlı layihə çərçivəsində Azərbaycanda tərcümə ədəbiyyatının məlumat bazasından ibarət www.translit.az saytını yaradıb, Azərbaycan dilindən xarici dillərə və xarici dillərdən Azərbaycan dilinə tərcümə əsərlərinin elektron kitabxanasını həmin sayta yerləşdirib.