EN

“Rənglərin dialoqu: Azərbaycan-Almaniya“ layihəsinin yekunlarına dair təqdimat keçirilib


2012-ci il dekabrın 15-də “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində “Rənglərin dialoqu: Azərbaycan-Almaniya“ layihəsinin yekunlarına həsr olunmuş təqdimat mərasimi keçirib. Birliyin sədri Şəhla Nağıyeva Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birlikdə reallaşdırılmış bu layihəni Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən maliyyələşdirildiyini xüsusi vurğulayıb. O qeyd edib ki, layihənin məqsədi Azərbaycanın və Almaniyanın gənc qadın rəssamlarının əl işlərindən ibarət rəsm sərgisi təşkil etmək olub.

İki ölkənin qadın rəssamlarının əsərlərindən ibarət sərgi noyabrın 23-dən dekabrın 1-dək Almaniyanın Berlin şəhərindəki nüfuzlu “Direktorenhaus” Qalereyasında təşkil edilib. Sərgidə Azərbaycan tərəfdən gənc rəssamlar Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlı, Almaniya tərəfdən Simona Vestfal və Nizaket Sinanovska iştirak edib.

Sərginin açılış mərasimində Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri, sadə alman tamaşaçılar iştirak edib, nümayiş olunan əsərlərə böyük maraqla baxıblar. Sərgidə Azərbaycanın gənc rəssamlarının ümumbəşəri mövzularda işlədikləri rəsmlərlə yanaşı Dağlıq Qarabağın spesifik çalarlarını göstərən əsərləri də nümayiş edilib və bu, istər xaricdə yaşayan soydaşlarımızın, istərsə də Almaniyalı tamaşaçıların böyük marağına səbəb olub. Bütövlükdə bu tədbir Azərbaycan mədəniyyətinin Avropada təbliğinə, mədəniyyətlərarası dialoqun daha da zənginləşməsinə xidmət edib.

Berlinin aparıcı nəşriyyat evlərinin birində sərgiyə həsr olunmuş kataloq çap edilərək gələn qonaqlara hədiyyə olunub. Kataloqda Qarabağa xüsusi məlumatlandırıcı səhifə həsr edilib, Azərbaycan və onun tarixi haqqında məlumat verilib. Təqdimat mərasimində sərgi iştirakçısı olan rəssam Şəhla Qəhrəmanlı və gənc rəssam Nərminə Vəliyevanın anası, həvəskar rəssam Yeganə Vəliyeva çıxış edərək layihənin əhəmiyyəti və Berlin sərgisi barədə təəssüratlarını bölüşüblər. Təqdimat mərasimində Berlin sərgisindən foto çəkillər nümayiş edilib.